Ev Siyasət Naqif Həmzəyev: Azərbaycanın sədrliyi dövrü Qoşulmama Hərəkatının tarixində xüsusi yer tutacaq

Naqif Həmzəyev: Azərbaycanın sədrliyi dövrü Qoşulmama Hərəkatının tarixində xüsusi yer tutacaq

3

Bu günlər yenidən dünya siyasətçilərinin, kütləvi informasiya vasitələrinin diqqəti Bakıya yönəlib.

BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilata-Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları oktyabrın 25-26-da Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə toplaşır. Qoşulmama Hərəkatının miqyası, siyasi və iqtisadi potensialı, dünya siyasətinə təsir imkanlarını nəzərə alsaq bu Zirvə Görüşünün ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür.

Müstəqil Azərbaycan Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi edəcək və bu da ölkəmizin tarixində ən iri beynəlxalq siyasi tədbirlərdən biri olacaq. Avropa qitəsi 1989-cu ildə keçirilmiş Belqrad Zirvə Görüşündən 30 il sonra Azərbaycanın timsalında BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatın iştirakçısı olan ölkələrin dövlət və hökumət başçılarını yenidən qəbul edəcək. Bu məqam da sözsüz ki, dünya politoloqların və ekspertlərin diqqətini cəlb etməyə bilməz.

Yer kürəsi əhalisinin təqribən 55 faizinin Qoşulmama Hərəkatı ölkələrində yaşadığını, dünyada neft ehtiyatlarının 75 faizindən və qaz ehtiyatlarının 50 faizindən çoxunun bu dövlətlərin ərazisində yerləşdiyini nəzərə alsaq Bakıda belə bir Zirvə Görüşünün keçirilməsi ölkəmizə effektli platforma imkanları, mühüm dividentlər gətirəcəyi də proqnozlaşdırılır.

Ölkəmizin dünyanın yarıdan çoxunun təmsil olunacağı beynəlxalq tədbirə ev sahibliyi etməsi, şübhəsiz ki, Azərbaycan apardığı xarici siyasətin Qoşulmama Hərəkatının prinsipləri ilə uyğunluğunun, artan beynəlxalq nüfuzunun daha bir sübutudur.

Ən əsası isə Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə Görüşü dünyanın diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək üçün daha bir imkandır. Bu münaqişənin həllinə ölkəmizin ərazisinin 20 faizini işğal etmiş Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyada mövcud olan ikili standartlar, təcavüzkara təsir göstərmək, onu sivil normalar çərçivəsində davranmağa məcbur etmək üçün hüquqi mexanizmlərin olmaması və ya qeyri-mükəmməlliyi mane olur.

2019-2021-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək ölkə, dünya birliyinin məsuliyyətli üzvü kimi kimi Azərbaycan diqqəti təkcə öz probleminə cəlb etməyəcək, beynəlxalq münasibətlər sistemində Hərəkatın rolunun və nüfuzunun daha da artırılması, beynəlxalq səviyyədə onun baza prinsiplərinin inkişaf etdirilməsinə də xidmət edəcək.

Əlbəttə ki, Qoşulmama Hərəkatının iştirakçısı olan bütün ölkələr daha yaxşı, firavan dünyada yaşamaq istəyirlər. Bunun üçün iştirakçı ölkələr birləşərək planetimizi daimi sürətlə silahlanma, sərt qarşıdurma və özbaşına sanksiyalar arenasına çevirmək cəhdlərinə qarşı yönəldə bilərlər. Qoşulmama Hərəkatının keçən ilin aprelində Bakıda keçirilmiş “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi kimi “Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də müəyyən dərəcədə oxşardır. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik”.

İnanırıq ki, XVIII Zirvə Görüşü, həm də Azərbaycanın sədrliyi dövrü Qoşulmama Hərəkatının tarixində xüsusi yer tutacaq. 2019-2021-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək Azərbaycan üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gələcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here