Ana səhifə Sosial MTRŞ: Bu o demək deyil ki, kanallar reytinq xatirinə istədiklərini edə bilərlər

MTRŞ: Bu o demək deyil ki, kanallar reytinq xatirinə istədiklərini edə bilərlər

9

Hazırda telekanallarda yayımlanan seriallar kəmiyyət baxımından qaneedicidir, lakin keyfiyyət cəhətdən əlbəttə ki, hamı eyni fikirdə deyil. Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib ki, bir neçə ildir ki, yerli serialların istehsalı sahəsində ciddi irəliləyişlər müşahidə olunur: “Bu gün müxtəlif məzmunda, istər dramatik, istərsə də komediya janrlarında xeyli sayda seriallar yayımlanır. Bu da onu göstərir ki, serial təsərrüfatı artıq inkişaf yolundadır. Əlbəttə ki, bu inkişafın kökündə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış milli telefilmlərin, habelə, teleserialların istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncamlar durur. Bu dəstəyin sayəsində serial təsərrüfatının maddi-texniki bazası formalaşıb və bu gün özünün inkişaf mərhələsini yaşayır”.

T.Dadaşov bildirib ki, əgər əvvəllər milli efir məkanında xarici seriallar hegemonluq edirdisə, bu gün milli seriallar kanalların efir məkanında özlərinə ciddi mövqe qazanıblar: “Hazırda yayımlanan seriallar kəmiyyət baxımından qaneedicidir. Lakin keyfiyyət cəhətdən əlbəttə ki, hamı eyni fikirdə deyil. Keyfiyyət istiqamətində nailiyyətlərin də özünü yaxın illərdə göstərəcəyi şübhəsizdir. Nəzərə alınmalıdır ki, bu sahə ölkəmizdə yenidir”.

MTRŞ rəsmisi bildirib ki, hazırda yayımçılar reytinq məsələsini əldə rəhbər tutaraq daha çox komediya janrında seriallara üstünlük verirlər: “Bu, müəyyən mənada başadüşüləndir. Lakin milli efir məkanımızda yer alan bəzi dramatik mövzulu seriallar da var ki, onlar reytinq və izlənmə baxımından komik seriallardan heç də geri qalmır və ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılanır. Bu tipli uğurlu seriallar ölkəmizdə serial təsərrüfatının perspektivləri barədə nikbin olmağa imkan verir”.

Onun sözlərinə görə, əlbəttə ki, serial təsərrüfatının inkişafı, çəkilən serialların baxımlı olması, tamaşaçıda rəğbət və maraq oyatması bu sahədə çalışanların peşəkarlığından asılıdır:

“Müsbət məqamlarla yanaşı, seriallarımızda gülüş xatirinə şit, bayağı səhnələr, dialoqlar, hətta bəzən qeyri-etik məzmunlu ifadələr, milli dəyərlərdən uzaq səhnələr və s. kimi neqativ cəhətlər də az deyil. Tək seriallarda deyil, televiziyalarda yayımlanan bir sıra veriliş və proqramlarda bu kimi məsələlərə rast gəlinir. Yayımçılar bu hallara diqqət yetirməlidirlər. Cəmiyyətdə, insanlarda qıcıq, narahatlıq, gərginlik, narazılıq yaradan hallardan uzaq durulmalıdır. Qanunvericiliyə müvafiq olaraq MTRŞ kanalların yaradıcılıq fəaliyyətinə qarışmır. Lakin bu o demək deyil ki, kanallar reytinq xatirinə istədiklərini edə bilərlər. Kanallar ictimai rəyi nəzərə almalıdırlar. Reytinqi də, maddi qazancı da müəyyən çərçivələr daxilində əldə etmək daha yaxşı olardı”.

BIR CAVAB YAZIN

Please enter your comment!
Please enter your name here