Ev Manşet İlham Əliyev: “Azərbaycanla Rusiya arasında münasibətlər strateji əhəmiyyət kəsb edir”

İlham Əliyev: “Azərbaycanla Rusiya arasında münasibətlər strateji əhəmiyyət kəsb edir”

3

“Bu gün biz ikitərəfli münasibətlərin çox geniş gündəliyini nəzərdən keçirdik və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirdik”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı deyib.

“İlk növbədə, “Valday” Diskussiya Klubunun növbəti iclasında iştirak etməyə dəvət üçün Vladimir Vladimiroviç Putinə dərin təşəkkürümü bildirmək istərdim. Qeyd etmək istərdim ki, klubun fəaliyyətini Azərbaycanda böyük maraqla izləyirlər. O, müasir dünyanın aktual məsələlərinin müzakirə edildiyi və əməkdaşlığın dərinləşməsi üçün tövsiyələr verilən ən mühüm beynəlxalq məkanlardan birinə çevrilib. Mən Vladimir Vladimiroviçin çıxışını böyük maraqla dinlədim və hər məsələdə onunla razıyam. Minilliklərin sərhədində Rusiyada yaranmış vəziyyətdən bəhs edərkən onun demədiyi yeganə məsələ budur ki, Rusiyanın çox ağır sınaqlardan şərəflə çıxmasında əsas amil Vladimir Putin amilidir. Bu, həqiqətdir, bunu hamı bilməlidir. Məhz onun cəsarəti, qətiyyəti, müdrikliyi, vətənpərvərliyi sayəsində Rusiya ən çətin sınaqlardan çıxdı və bu gün dünyanın aparıcı böyük dövlətidir. Bu gün Vladimir Vladimiroviçlə bizim görüşümüz oldu. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və hətta bir neçə aylıq kiçik fasilə bizə pauza kimi təsir bağışlayır. Ölkələrimiz arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, biz bir-birimizi strateji tərəfdaşlar adlandırırıq. Bu gün biz ikitərəfli münasibətlərin çox geniş gündəliyini nəzərdən keçirdik və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirdik. Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Dövlət başçılarının və digər rəsmi şəxslərin müntəzəm görüşləri əməkdaşlığımızın dərinləşməsinə şərait yaradır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, ən mühüm, ümdə məsələlərdə ənənəvi olaraq bir-birimizi dəstəkləyirik. Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasında Rusiyanın bu təşkilata qayıtması məsələsi müzakirə edilərkən Azərbaycan nümayəndə heyəti tam tərkibdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verdi. Mən bu münasibətlə həmkarlarımızı təbrik etmək istərdim”, – deyə dövlət başçısı qeyd edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here