Ev İdman Azərbaycan Olimpiadanı altı medalla tamamladı

Azərbaycan Olimpiadanı altı medalla tamamladı

35

Azərbaycan boksçusu Nurlan Səfərov Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizə bürünc medal qazandırıb.

Yığmamızın bayraqdarı bu uğura misirli Mərvan Mamdu Məhəmmədi məğlub etməklə layiq görülüb.

Belə ki, Avropa çempionumuz ilk görüşdə kanadalı Spenser Uilkoksa qalib gəlsə də, ardınca tailandlı Atiçay Foemsapa məğlub olmuşdu. Lakin bu məğlubiyyət 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımızı ruhdan salmayıb. O, bürünc medal uğrunda döyüşdə inamlı təsir bağışlayıb və 4:0 (29:26, 29:27, 29:27, 28:28, 29:27) hesabı ilə qələbə qazanıb.

Bu qələbə Səfərovu fəxri kürsünün III pilləsinə yüksəldib. Qızıl medal yarımfinalda təmsilçimizi büdrədən Foemsapa qismət olub. II pilləni isə ukraynalı Taras Bondarçuk tutub.

Avropa çempionumuzdan fərqli olaraq, qitə birinciliyinin gümüş mükafatçısı Nicat Həsənov Olimpiya medalına sahib ola bilməyib. 69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz özbəkistanlı Cahangir Rəhmanovla dueldən məğlub ayrılıb. 5:0 (30:26, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanan rəqib bürünc medala yiyələnib.

Bu çəki dərəcəsində çempion tituluna argentinalı Aqustin Arequi layiq görülüb. II yerdə isə yarımfinalda Həsənovu məğlub edən Yassin Eluarz(Mərakeş) qərarlaşıb.

Qeyd edək ki, bu nəticə ilə Azərbaycan aktivinə altıncı medalı (iki qızıl, bir gümüş, üç bürünc medal) yazdırıb. Medal qazanmış digər idmançılarımız bunlardır: cüdoçu Vüqar Talıbov, güləşçi Turan Bayramov (hər ikisi qızıl medal), ağırlıqqaldıran Tərmenxan Babayev (gümüş medal) və taekvondoçu Cavad Ağayevlə güləşçi Şahanə Nəzərova (hər ikisi bürünc medal).

Bədii gimnastımız Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsi (Mixed-NOCs) adından komanda yarışlarında qızıl medal qazanıb.

Bununla da 17 idmançımız mübarizələrini başa vurub. Hazırda millimiz Olimpiadanın başa çatmasına bir gün qalmış altı medalla XXXI pillədə qərarlaşıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here